“Bu ilin yanvar-may aylarında Azərbaycanda orta aylıq əməkhaqqı 243 manat və yaxud 292 dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24 faiz çoxdur”.Dövlət Statistika Komitəsindən bu barədə verilən məlumata görə, indi ölkədə ən çox əməkhaqqını hasilat sənayesində, maliyyə sektorunda işləyənlər, icarə, kommersiya fəaliyyəti ilə məşğul olanlar, həmçinin tikinti şirkətlərinin əməkdaşları alır. Qeyd olunur ki, müvəqqəti işə cəlb olunmuş işçilər üçün orta aylıq əməkhaqqı mayda 117, mülki-hüquqi müqavilə üzrə işləyənlər üçün isə 203 manat təşkil edib.
Hökumətin proqnozlarına əsasən, ilin sonunadək ölkədə əməkhaqqının orta məbləği 274 manata çatmalıdır. İyulda məvaciblərin, əmək pensiyalarının baza hissəsinin, o cümlədən ehtiyac meyarının artırılacağı gözlənilir. Artımların 10 manat ətrafında formalaşacağı bildirilir.
Mövzu ətrafında söhbət etdiyimiz ekspertlər isə bildirir ki, hazırda Azərbaycanda yeridilən əməkhaqqı siyasəti qonşu neft ölkələri ilə müqayisədə ədalətsizdir. Hökumətin bu məsələyə yanaşması dəyişməli, kompleks siyasət yürüdülməlidir. Ünvanlı sosial yardımdan sosial reabilitasiyaya doğru prosesləri dəyişmək və şərtləndirmək qabiliyyətinə malik olan yeni bir proqrama ehtiyac var.



